Rusiya paytaxtında Kərim Kərimov adına orta məktəbdə “Bilik Günü” qeyd olunub.

APA-nın Moskva müxbirinin məlumatına görə, “1 sentyabr-Bilik Günü” münasibəti ilə görkəmli azərbaycanlı, Sovetlər İttifaqında Kosmonavtikanın banilərindən biri olan Kərim Kərimovun adını daşıyan 1583 saylı təhsil kompleksində keçirilən mərasimdə Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Mərasimdə təhsil kompleksinin direktoru Svetlana Dvoryantseva və Moskva azərbaycanlıları milli mədəni muxtariyyəti regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov çıxış ediblər.

B. Həsənov rəhbərlik etdiyi diaspor təşkilatının konsepsiyasında Kərim Kərimov adına təhsil kompleksi ilə birgə bir sıra tədbirlərin keçirilməsinin, eləcə də kadet və aerokosmik siniflərin fəaliyyətinin dəstəklənməsinin nəzərdə tutulduğunu söyləyib. Onun sözlərinə görə, diaspor təşkilatının Kərim Kərimovun 105 illik yubileyinin qeyd olunması ilə bağlı da ayrıca planı var.

Daha sonra “Odlar yurdu” rəqs qrupunun ifasında Azərbaycan rəqslərindən ibarət nömrə nümayiş olunub.

Qeyd edək ki, özündə 4 orta məktəbi və 5 uşaq bağçasını birləşdirən təhsil kompleksi Azərbaycan etnokomponentlidir.

Mənbə: https://apa.az/az/diaspor/moskvada-kerim-kerimov-adina-orta-mektebde-bilik-gunu-qeyd-olunub-719991

Добавить комментарий

Ваш адрес email не будет опубликован.